Müəyyən şəraitdə yaranmış reaksiya tarazlığı həmin şərait sabit qaldıqda, istənilən qədər dəyişməz qalır. Lakin tarazlıqda iştirak edən maddələrin qatılığının, sistemin temperatur və təzyiqinin dəyişməsi ilə reaksiya tarazlığı dərhal pozulur və müəyyən istiqamətdə olmaqla yerini dəyişir.
    Müxtəlif amillərin təsiri ilə reaksiya tarazlığının dəyişməsi tarazlığın yerdəyişməsi və ya tarazlığın yönəlməsi adlanır.
    Reaksiya tarazlığının yerdəyişməsi reaksiyaya daxil olan maddələrin qatılığının artması ilə gedirsə, tarazlığın sağ tərəfə yönəlməsi, reaksiya zamanı alınan maddələr qatılığının artması ilə gedirsə, tarazlığın sol tərəfə yönəlməsi baş verir. Reaksiya tarazlığının müəyyən amillərdən asılı olaraq, öz yerini dəyişmə xarakteri La-Şatelye prinsipi ilə müəyyən edilir:
    Tarazlıq halında olan sistemə şəraitlərdən birinin dəyişməsi ilə nəticələnən xarici təsir göstərilərsə, tarazlıq həmin təsir effektinin azalması istiqamətində yerini dəyişir.
    Tarazlığın yerdəyişməsi zamanı reaksiyaya daxil olan və ya reaksiya nəticəsində əmələ gələn maddələrin qatılıqları nisbəti dəyişməyə başlayır və bu, yeni tarazlıq halı yaranana kimi davam edir.
    Tarazlıq halında olan sistemn komponentlərindən birinin qatılığının artması tarazlığın həmin maddənin istifadə olunduğu, yəni qatılığının azalması istiqamətində yerdəyişməsinə səbəb olur. Qatılığın azaldılmasıyla isə tarazlığın yerdəyişməsi  həmin maddənin əmələ gəlməsi istiqamətində gedir.
    Temperatur artdıqda tarazlıq endotermik reaksiya, azaldıqda isə ekzotermik reaksiya istiqamətində yerini dəyişir.
    Təzyiqin artması ilə verilmiş müəyyən şəraitdə kiçik həcm tutan maddənin əmələ gəlməsi üçün əlverişi şərait yaradır. Başqa sözlə, təzyiqin artması ilə reaksiya tarazlığın yerdəyişməsi həcmin azalması istiqamətində gedir.
    Katalizatorlar dönən reaksiyalarda düzünə və əksinə gedən kimyəvi reaksiyaların sürətini eyni dərəcədə dəyişdirdiyindən, tarazlığın daha tez yaranmasına kömək edir, lakin tarazlıq sabitinin qiymətinə və reaksiyaya daxil olan maddələrin tarazlıq qatılıqlarına təsir etmir.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png